Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Transformasiya mərhələsində cəmiyyətin informasiya təhlükəsizliyi məsələləri

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 1505

Apr 6, 2015 - 11:52

  Şöhrət EYVAZOV

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun dissertantı

eyvazov1@yahoo.com

 

 

Transformasiya mərhələsində cəmiyyətin informasiya təhlükəsizliyi məsələləri

 

 

  Açar sözlər: sosial şəbəkə, “Facebook”, informasiya cəmiyyəti, informasiya təhlükəsizliyi, informasiya-kommunikasiya inqilabı 

  Key words: Sosial Network, Facebook, information society, information security, information and communication revolution 

  Ключевые слова:  социальная сеть, Facebook, информационное общество, информационная безопасность, информационно-коммуникационноя революция 

 

  Giriş

  Qlobal məkanın informasiyalaşdırılması təcili və adekvat reaksiyalar tələb edir. Çoxsaylı istifadəçilər və çoxsaylı istifadə üçün nəzərdə tutulan informasiya resursuna müraciətin intensivliyi onun nə qədər qiymətli olduğunu göstərir. Beynəlxalq ictimai şüurun manipulyasiya edilməsi vasitəsi kimi informasiyadan istifadə olunması müasir geosiyasi xəritənin dəyişməsinə gətirib çıxarır. Bu gün informasiya sektorunun öyrənilməsindən kənarda qalmaq dövlətin milli maraqlarına və təhlükəsizliyinə ciddi  zərbələr vura bilər.
Qloballaşma qarşısıalınmaz prosesdir. Dövlətlərin, təşkilatların, iri şirkətlərin siyasi, iqtisadi və başqa maraqları qloballaşmanın köməyi ilə həyata keçirilir. Burada əsas rollardan birini informasiya-kommunikasiya texnologiyalarının inkişafı və səmərəli istifadəsi oynayır. Artıq “sim-sim qapıları açılıb” və onu heç kəs “bağlaya” bilməz. İlk dövrlərdə hansısa texnologiyalardan, o cümlədən qlobal şəbəkələrdən istifadə edilməsini gizli və ya məhdud səviyyədə saxlamaq olardısa, artıq bu mümkün deyil. 

 

  İnformasiya və ictimai təhlükəsizlik 

 

  Rus alimi S.Nikonov “əvvəllər siyasətçilərin informasiya məkanını formalaşdırdığını, indi isə informasiyanın dünya siyasətini formalaşdırdığını” bildirir (1). Nikonova görə, “noopolitika” (noosiyasət) deyərkən dövlətin qısamüddətli proqnozlaşdırılmış informasiya strategiyasına əsaslanaraq daxili və xarici siyasətini formalaşdırması və həyata keçirməsi başa düşülür. Noosiyasət -  təbliğ edilən mənəvi dəyərlərin  və ideyaların tələb olunan imiclərinin yaradılması məqsədi ilə dövlətin və ya dövlətlər qrupunun daxili və xarici siyasətinə kütləvi informasiya vasitələri (KİV) vasitəsilə müsbət, lazım olduqda isə mənfi münasibətin formalaşdırılması üçün informasiya strategiyasıdır. 
  “Noos” insan ağlının qədim yunan adı, politika (siyasət) isə dövlətin, cəmiyyətin, beynəlxalq münasibətlərin “idarəolunması sənəti”dir. Bu kontent artıq “informasiya müharibəsi” anlayışını dəyişdirib. Amerika alimləri D.Arkil və D.Ronfeld noosiyasətə belə tərif veriblər: “Noosiyasət – ideya, maraqlar, normalar və  qanunların  öncüllüyünün üstünlüyünü vurğulayan informasiya cəmiyyəti şərtlərində beynəlxalq siyasi strategiyadır və “sərt” yox, “yumşaq güc” ilə işləyir ”
  İstənilən cəmiyyət bu və ya digər dərəcədə idarə olunur və müasir dövrdə qlobal tarixi proseslərə qlobal idarəetmə prosesləri kimi baxmaq olar. Bu proseslərdə dövlət və beynəlxalq səviyyədə olan regional idarəetmələrlə yanaşı  diaspor və başqa “gizli” qüvvələrin təsiri aydın hiss olunur. 
  Ötən əsrin sonlarında bir qrup rus aliminin irəli sürdüyü “ictimai təhlükəsizlik konsepsiyası”na görə, cəmiyyətin hər bir üzvü onun necə və niyə məhz bu cür idarə olunmasından xəbərdar olunmalıdır. O, öz fəaliyyəti ilə bir fərd olaraq bütövlükdə cəmiyyət qarşısında qoyulmuş məqsədlərə çatmağa kömək etməlidir (2). Burada konsepsiya (lat. conceptio) - baxışlar sistemi, proseslərin bu və ya digər formada başa düşülməsi kimi qəbul edilir. Bu sözün digər izahı hər hansı əsərin, elmi işin vahid, aparıcı fikridır (3, s.245).  
  İctimai təhlükəsizlik konsepsiyasına görə, insan cəmiyyətinin idarə vasitələri daha çox təsir edənlərdən az effektiv prioritetlər iyerarxiyasına əsaslanan ümumiləşmiş qruplara bölünə bilər. Belə vasitələrin dərk edilmiş şəkildə istifadəsi insanların həyatlarını və ölümlərini idarə etməyə imkan verir.
  Dünyagörüş xarakterli informasiyaya regional və qlobal miqyasda daxili ictimai hakimiyyət, əsas düşüncə tərzi və idarəetmə fəaliyyətinin bütövlüyü aiddir.
Salnamə, xronoloji xarakterli informasiya  bilik və mədəniyyət sahəsinə aid proseslərin istiqamətini görməyə imkan verir. Bu zaman mədəniyyət deyərkən, nəsildən-nəslə genetik ötürülməyən bütün informasiya nəzərdə tutulur. 
  Fakt-təsvir xarakterli informasiya üçüncü prioritetli informasiya sayılır və buna müxtəlif dini kultlar, ideologiyalar, həmçinin elmi texnologiyalar aiddir.
  Bu konsepsiyada bioloji biliklərə əsaslanaraq insan davranışının informasiya-alqoritmik təminatının özlüyündə əsasən aşağıdakıları birləşdirdiyi vurğulanır:
  -     anadangəlmə instinktlər və şərtsiz reflekslər;
  -     ənənələr, stereotiplər;
 -     şəxsi duyğular, yaddaş ilə məhdudlaşmış əqli, soyuq mühakimə;
  -     “Fəhm” – fərdin psixikasının qeyri-şüuri səviyyəsi.
  Buna uyğun insanın psixi quruluş tipləri aşağıdakı kimidir:
  -     Heyvani tip;
  -     “Zombi-biorobot” tipli; 
  -     İblis tipli;
  -     “Ağıllı-insani” tip. 
 İnsanın inkişafı müəyyən biliklərin toplanması ilə deyil, psixi quruluş tipinin kamilləşməsi ilə bağlıdır. Cəmiyyət üçün də təhsilli, qeyri-insani psixoloji xüsusiyyətlərə malik fərd  savadsız, uğur qazana bilməyən, amma müsbət xüsusiyyətləri çox olan insandan daha təhlükəlidir. 
  Əgər tarixi-ictimai şərait ənənələrdən və ya normalardan uzaqlaşmağı tələb edərsə, “zombi” mövcud əlaqələrə üstünlük verir və yaradıcılıq imkanlarına etiraz edir. Avtosinxronlaşma prinsipi demək olar ki, bütün canlı qruplar üçün eyni gücə mailkdir. Bu prinsipə görə, əgər hər hansı kütlənin 5-10 faizi hərəkəti sinxron etməyə başladısa, bu rejim tezliklə hamıya yoluxur. Arı ailəsi, at ilxısı və digər qruplarla yanaşı bu, insan toplumu üçün də keçərlidir. Əhalinin təxminən 10 faizini əhatə edən təbəqənin qeyd-şərtsiz yeni qaydalara tabe olması ölkədə qlobal ssenariləri həyata keçirməyə imkan verir.
  Sosial şəbəkələrə qısa bir nəzər avtosinxronlaşma prinsipinin heyrətamiz sürətlə tətbiq olunduğuna şahid olmağa imkan verir. Gözünü açıb-yumursan və şəbəkədə yeni etirazlara, çağırışlara qoşulan istifadəçilərin sürətlə çoxaldığını görürsən. Bu dalğaya qarşı gedənlər isə, adətən, susmağa üstünlük verirlər.
 
İnfomasiya-kommunikasiya texnologiyalarının inkişafının 
informasiya müharibəsinə təsiri

  “Şəbəkə” anlayışı ötən əsrin sonlarından etibarən bir çox sahələrdə işlənilməyə başlanılmışdır. Şəbəkə quruluşu, şəbəkə biznesi, neyron şəbəkəsi, son zamanlar isə şəbəkə diplomatiyası və s. terminlər işlədilir. Bir çox tədqiqatçılar sosial şəbəkələrin gələcəkdə cəmiyyətin bütün münasibətlərinin (!) əsas bünövrəsi olacağından əmindirlər.   
  Şəbəkə  quruluşu ilk ibtidai insan cəmiyyətlərində də olub. 200-300 min il əvvəl homo sapiens öz vaxtının əksər hissəsini  məhz şəbəkə quruluşunun hökm sürdüyü ibtidai insanların arasında keçirib. O zaman iyerarxiya yox idi. Liderlik situativ və müvəqqəti xarakter daşıyırdı. Müasir sosial şəbəkələrdə də bu  xüsusiyyətlər öndə gəlir.
  Bu gün orta statistik “Facebook” istifadəçisinin 100-dən çox dostu var, 10-dan çox qrupun üzvüdür və şəbəkədə fərdi səhifə açanların sayı sürətlə çoxalmaqdadır. O, sutkanın ən azı 1 saatı burdadır və günə 25-dən çox şərh yazır. “Facebook” istifadəçilərinin yarıdan çoxu gününə səhifələrini ziyarət etməklə başlayırlar. Mobil telefonlardan istifadə edilməsi isə şəbəkə istifadəçilərinə daha geniş imkanlar, eyni zamanda risklər yaradır. Məsələn, Fləşmob  - mobber adlanan insanların bir neçə dəqiqə ərzində ictimai yerdə əvvəlcədən planlaşdırdıqları absurd məzmunlu hərəkətlər etməsi, tez dağılmaları  - əsasən mobil internetin vasitəsi ilə hazırlanıb həyata keçirilir.
  Antropoloq Rayan Hornbek Çində gənclərin əksəriyyətinin oynadığı “World of Warcraft” onlayn oyunun artıq müəyyən mənada  dini əvəz etdiyi nəticəsinə gəlib. Onun fikrincə, bu oyun gənclərə real həyatdakı problemlərdən qaçmağa imkan verir. Rayanın sorğu keçirdiyi çinli gənclərin əksəriyyəti oyun oynadıqlarını deyil, “World of Warcraft” aləmində “yaşadıqlarını” deyiblər. Maraqlıdır ki, Rayan burda qorxulu heç nə olmadığı, bu virtual oyunun gənclərə streslə mübarizə aparmaqda kömək etdiyi fikrindədir.
  Elm və texnikanın inkişafı ilə informasiya cəmiyyətin psixolji təhlükəsizliyində aparıcı rola çevrildi. İnformasiya cəmiyyətinin əsas atributlarından biri informasiya müharibəsi sayıla bilər. İnformasiya müharibəsi müasir beynəlxalq informasiya siyasətində mühüm rollardan birini oynayır. XX əsrin ikinci yarısı televiziya və digər kütləvi informasiya vasitələrinin inkişafı ilə “kütlə insanı” fenomeni yarandı. İlk dəfə ispan filosofu Xose Orteq-i-Qassetin işlətdiyi bu anlayış informasiyanın qloballaşması proseslərinin və informasiya cəmiyyəti konsepsiyalarının əsasını təşkil etdi (4, s.54).
   KİV və infomasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə jurnalistikanın maarifçilik funksiyası ikinci plana keçərək ön sıranı təbliğata verdi. İnformasiya cəmiyyətində söz sahibləri özlərinə sərfəli reallığı auditoriyanın şüuruna “yerləşdirə” bilən, beynəlxalq səviyyədə tanınan media şirkətləridir. İnternetin inkişafı, informasiyanın insanın bütün həyat və fəaliyyətində daha mühüm rol oynamağa başlaması “informasiya müharibəsi”ni qaçılmaz etdi. 
  Formalaşmaqda olan informasiya cəmiyyətində kütləvi informasiya vasitələri ictimai şüurla yanaşı, siyasi liderlərin də şüurunda manipulyasiya etməyə imkan verən, bununla da müxtəlif konfliktlərə təhrik edən güclü silah kimi istifadə oluna bilər. Müasir dövrdə massmedianın auditoriyaya təsir mexanizmlərini, eləcə də informasiya müharibəsini araşdıran çoxlu sayda elmi-tədqiqat işləri mövcuddur.
  Kütləvi informasiya vasitələrinin köməyi ilə aparılan informasiya müharibələrinin əsasında psixolji müharibə dayanır. Bu müharibə siyasi, həmçinin hərbi məqsədlərə çatmaq üçün bir dövlətin xüsusi orqanlarının başqa dövlətin mülki əhalisinə və (və ya) hərbi qulluqçulara göstərdiyi  psixoloji təsirdir (5, s.35). 
İnformasiya müharibəsinin informasiya komponenti nə haqda danışılması, psixoloji komponenti isə necə danışılması suallarına cavab verir. Müasir informasiya-kommunukasiya texnologiyaları informasiyanı saylı saniyələrdə bütün dünyaya yaymağa imkan verir. Yeni psixotexnologiyalar isə xalq kütlələrinə istənilən hadisə haqqında sərfəli fikir aşılamağı mümkün edir. İnformasiya müharibələri yalnız müharibə və ya hərbi münaqişələr fonunda aparılmır. Bu həm də beynəlxalq informasiya siyasətinin ayrılmaz hissəsidir.
  İlk dəfə “informasiya müharibəsi” termini 1976-cı ildə “Boeing” şirkəti üçün hazırlanan “Silah sistemləri və informasiya müharibəsi” adlı hesabatda işlədilib. Burada göstərilir ki, mediaindustriya Amerika iqtisadiyyatının aparıcı komponentinə çevrilib. 1998-ci ildə ABŞ-da qəbul edilmiş “İnformasiya əməliyyatlarının birləşmiş doktrinası”nda isə belə deyilir: “İnformasiya müharibəsi – öz informasiyasını, informasiya proseslərini və kompüter şəbəkələrini qorumaqla rəqibə məxsus informasiya, informasiya prosesləri, informasiya sistemləri və kompüter şəbəkələri üzərində informasiya üstünlüyünə nail olmaq üçün tədbirlər kompleksidir (6).
  Q.Q.Poçepsov “İnformasiya müharibələri” kitabında informasiya müharibəsi modelini belə  göstərir:  -  əvvəlcə növbəti kommunakativ rezonans üçün obyekt seçilir,  daha sonra müxtəlif sosial qrupları birləşdirmək üçün  korrupsiya, müharibə, inflyasiya sosial konflikt kimi əsas götürülür. 
  Kütləvi şüura “dinamika” vermək üçün mövcud hakimiyyətdən asılılığı olmayan eynitipli əhali qrupu, məsələn, tələbələr seçilir. Gənclər bir qayda olaraq, formalaşmış maraqlar və siyasi mövqelərə malik olmadığından onlara təsir etmək daha asandır.
  İnformasiya müharibəsinin digər vacib elementi isə problemin müzakirəsini stimullaşdırmaq üçün çoxkanallı təsirlərdən istifadə olunmasıdır. Bu auditoriya eyni məlumatı müxtəlif kanallardan almalıdır, bir kanalın çıxışı olmadığı auditoriya üzvlərinə digəri təsir edə bilir (7, s.34). 
  İnformasiya müharibəsində əsas silah kimi televizya, radio, mətbuat və internetdən istifadə olunur. Radio, televiziya və çap məhsullarında informasiya selini nəzarətdə saxlamaq mümkün olduğu halda internet-nəşrlərdə, bloqlarda bu mümkün deyil. İnternetin əsas istifadəçiləri 13 yaşdan 30 yaşadək olan insanlardır ki, onlar da daha tez təsirə düşürlər.
  2013-cü ildə “Google”nin dəstəyi ilə İnternetin İnkişaf Fondu və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin Rusiyada 12-17 yaşlı yeniyetmələr və onların valideynləri arasında apardıqları elmi tədqiqatlar nəticəsində yeniyetmələrin 89 faizinin hər gün internetdən istifadə etdiyi məlum olub. Sorğuda iştirak edən valideynlərin isə 53 faizi internetdən gündəlik istifadə etdiyini bildirib. Mobil telefonlar, smartfonlar vasitəsilə internetə daxil olmağa gəlincə, hər iki yeniyetmədən biri mobil internetdən istifadə edir. Sorğuda iştirak edən yeniyetmələrin 80, valideynlərin isə 50 faizi özlərini güvənli internet istifadəçisi hesab edir. İnternet asılılığına aid daha bir nəticə: “Təkcə bir neçə il yaşayacağın  bir adaya düşsən, orada əvvəlki həyatından nəyin olmasını istərdin?” sualına cavabda “rəqəmsal nəslin” nümayəndələrinin əksəriyyəti dostlarından, qohumlarından sonra interneti göstəriblər (8, s.5). 
  İnformasiya müharibəsinin əsas komponenti informasiya aqresiyyasıdır.
  Açıq və ya gizli informasiya aqresiyyalarının obyektlərinə bütünlükdə əhali, ayrıca sosial və yaş qrupları, etnik qruplar, bu və ya digər ölkənin siyasi liderləri aid ola bilər.
  Ölkənin beynlxalq imicinə, ideologiyasına, mədəniyyətinə, dəyərlərinə destruktiv təsir etməyə çalışan informasiya aqresiyyalarının əsas hədəfləri aşağıdakılardır:
  -     əhalinin ölkə rəhbərliyinə mənfi ( aqressiv) münasibətini yaratmaq;
  -     aqressiya qurbanlarına çevrilən əhalidə qorxu, panika yaratmaq;
  -     ölkənin beynəlxalq imicini korlamaq;
  -     əhalinin milli-mənəvi dəyərlərini, ənənələrini şübhə altına almaq.
  İnformasiya aqressiyalarının yayılma kanalları kütləvi informasiya vasitələridir. Əsas daşıyıcılar -  bir və ya bir neçə ölkənin əhalisinə yönəlmiş xəbərlər buraxılşı, analitik verilişlər, tok-şoular, nəşrlər, teleseriallar, kinofilmlər, animasiya və sənədli filmlərdir. 
  Müasir tamaşaçının, oxucunun və ya dinləyicinin alınan informasiyanı təhlil  etməyə vaxtı yoxdur. Hətta bunu etmək istəsə belə informasiya təcavüzünün metodlarını aşkarlamaq çox çətindir. Digər tərəfdən xəbərin əsas faktoru operativlik və məzmun qısalığıdır. Ona görə də əsas məzmun yadda qalır və təfərrüatlar unudulur. 
 İnformasiya müharibəsində KİV-in güclü rol oynamasının səbəbi xəbərlərin təqdimatı zamanı tamaşaçı və ya dinləyicidə sanki hadisəyə özlərinin şahidi olduqları təsirinin yaranmasıdır. Dezinformasiya, faktların təhrifi arzuolunan effekti almağa imkan verir. Xüsusi yaradılmış media-reallıqda təqdim olunan məlumatın doğruluğunu yoxlamağa, bir qayda olaraq, auditoriyanın imkanı olmur.

 

  Yeni texnologiyalar və fərqli yanaşmalar

 

  Britaniya informasiya məkanının kibertəhlükəsizliyinin təmin olunması üçün orijinal addım atıb (9). B 2014-cü ildən başlayaraq bu ölkənin bir neçə ali məktəbində  diplomlu kibercəsuslar hazırlanacaq. Belə ki, kibertəhlükəsizlik məsələləri ilə məşğul olan xüsusi mərkəz 6 universitetə 2014-2015-ci illərdə müvafiq kursların keçirilməsinə lisenziya verib. Oksford, Edinburq, London, Lankaster universitetlərində dərs proqramları işlənib hazırlanıb. Krenfild və Surey universitetlərində isə kibermüdafiə və informasiya təhlükəsizliyi üzrə kurslar keçiriləcək. Bu proqram çərçivəsində tələbələr elektron sistemlərin qorunmasını daha yaxşı anlamaq üçün onları “qırmağı” – icazəsiz müdaxilə etməyi öyrənəcəklər. Bundan başqa, haker bacarıqlarının test edilməsi üçün tələbələrin “yarmalı” olduqları xüsusi elektron bank da yaradılıb.
   Layihənin əsas məqsədinin inernet mühitində biznesin təhlükəsizliyinin təmin edilməsi olduğu bildirilir:  “Bu kurslar Britaniyanı onlayn biznes üçün ən təhlükəsiz ölkələrdən biri edə bilər”.  Ekpertlər yüksək səviyyədə ixtisaslaşmış mütəxəssislərin çatışmazlığını etiraf edirlər. Məhz sosial şəbəkələr və kompyuter oyunları ilə böyüyən gəncliyin hakerliyi daha rahat öyrənə biləcəyini nəzərə alaraq kibercəsusluğun universitetlərdə tədris edilməsinə qərar verilib. Maraqlıdır ki, internet istifadəçilərinin məlumatlarına icazəsiz müdaxilə edilməsi britaniyalıları nisbətən az narahat edir. Əgər ABŞ və Almaniyada şəbəkədə şəxsi məlumatların izlənilməsi cəmiyyətin kəskin reaksiyasına, xüsusi araşdırmalara səbəb oldusa, Britaniyada bu reaksiyalar bir neçə diskusiya ilə məhdudlaşdı. 
Daha bir maraqlı məqam isə texnolgiyaların inkişafının materiyanın hərəkətinin sosial formasına təsiridir. Məsələn, qədim dövrün ilk sivilizasiyası ləng inkişaf edirdi və sosial proseslər yavaş templə baş verirdi (10, s.125). Bu, cəmiyyətdə ənənəvi sosial münasibətlərin qorunmasının üstünlük təşkil etməsilə izah oluna bilər. “Yeni” və “yeniliklərin” başlıca dəyərlərə çevrilməsi sosial proseslərin kəskin sürətlənməsinə səbəb oldu. Getdikcə zamanın  orqanizmin bioloji ritminə nisbətən daha sürətlə “axması”  insanların sağlamlığına çox ziyan vurur. Uşaqların “vaxtından əvvəl” aldıqları informasiya seli sanki onları daha tez yaşlandırır, sərbəst həyata daha tez atılmağa cağırır. Müasir informasiya texnologiyalarından həddindən artıq istifadə edənlərin ənənəvi stereotiplərdən sürətlə uzaqlaşmağa meyli aydın hiss olunmaqdadır. 
  Bir sıra alimlər gələcəyin “metasivilizasiyası”nın müxtəlif mədəniyyət və sivilizasiyaların özünəməxsusluqlarını saxlamaqla “ümumi əvəzedici” olacağı qənaətindədirlər. Bu fikir “mədəni plüralizm” konsepsiyasına əsaslanır. Başqa qrup tədqiqatçılar isə XXI əsrdə ümumbəşəri Ağıl, Yaddaş və Ruhi aləm ilə vahid planetar  sivilizasiyanın meydana gələcəyi fikrindədirlər (10, s.324).
  Müasir dövrdə ortaya çıxan suallardan biri də texnika ilə əxlaq arasında ziddiyyətin kəskinləşməsinin səbəbləri, necə aradan qaldırılması və ya yumşaldılmasıdır. Yaşadığımız tarixi dövrü “superindustrial cəmiyyət” adlandıran A.Tofflerə görə, “üçünçü dalğa ailələrimizi parçalayaraq, iqtisadiyyatı sarsıdaraq, siyasi sistemlərimizi laxladaraq, dəyərlərimizi dağıdaraq hər birimizə təsir edir”. 

 

  Nəticə

 

  Hazırda transformasiya mərhələsində olan cəmiyyət üçün əsas təhlükələrin önündə insan mənəviyyatının böhranı gəlir. Demək olar ki, bütün ölkələrdə qlobal, regional, dini, qədim və yeni ideologiyalar çox çətin vəziyyətlə üz-üzə qalıblar. Qloballaşma qarşısıalınmaz prosesdir. Əsas məsələlərdən biri bu prosesdə Şərq-Qərb modellərinin sintezi zamanı mədəni özünəməxsusluğun qorunmasıdır. Bu həm də yaranması labüd olan yeni sivilizasiyada etnomədəni müxtəlifliyin saxlanılması baxımından vacibdir.
  Hər bir ölkənin milli təhlükəsizliyinin əsas elementlərindən biri informasiya təhlükəsizliyidir. Cəmiyyətin transformasiya mərhələsində olması bu məsələni daha aktual edir. Vətəndaşların, sosial qrupların, müxtəlif təşkilatların, dövlət orqanlarının tam, həqiqi və operativ informasiya ilə təmin olunması günün tələbədir. Azərbaycan suverenliyini yenidən bərpa etdikdən sonra milli təhlükəsizlik sistemində informasiya təhlükəsizliyinin rolu və əhəmiyəti daha da artıb.
   Hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin KİV vasitəsilə azad şəkildə informasiya almaq, axtarmaq  və yaymaq hüququnun tam təmin olunması informasiya təhlükəsizliyinin əsasıdır. Təəssüff ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı özü ilə bir sıra üstünlüklərlə yanaşı təhlükələr də gətirir. İnformasiya müharibələri və onun mühüm komponenti olan informasiya aqressiyalarında əsas silah kimi televiziya, radio, mətbuat və internetdən istifadə olunur. İnformasiya aqressiyalarından rəqib ölkə ilə yanaşı təcavüzkar ölkənin mülki əhalisi də əziyyət çəkir. İnformasiya müharibələri müxtəlif konfliktlərə, döyüş əməliyyatlarının başlanmasına və insan tələfatına səbəb ola bilər. Yeni medianın fəaliyyəti və informasiya müharibələrinin tənzimlənməsi üçün qanunvericiliyin olmaması problemi daha da dərinləşdirir.
 İnformasiya cəmiyyətində üstünlük informasiyaya malik olanda deyil, onun yayılma vasitələrinə hakim olandadır. İstər ənənəvi, istərsə də yeni mediada yayılan informasiyanı, xüsusilə beynəlxalq miqyasda olanları dəqiqləşdirmək, demək olar ki, qeyri-mümkündür. Bu isə media nəhənglərinə milyonlarla insanın şüuru üzərində total hakimiyyət qurmağa imkan yaradır. Araşdırmanın nəticəsi onu deməyə imkan verir ki, istər qlobal, istərsə də lokal məkanda  informasiya təsirlərindən sui-istifadə və ictimai şüurun davamlı manipulyasiya olunması media-böhranla nəticələnə bilər.


İstifadə edilmiş ədəbiyyat:

1.  Никонов С.Б. Устойчивый феномен глобализации,  http://www.nauteh-journal.ru/index.php/ru/--gn12-02/402-a (10.02.2012) 
2.  Что такое КОБ?  http://kob.su/content/chto-takoie-kob (28.08.2010) 
3.  Словарь иностранных слов. 12-е изд., — М., 1985, -608 с.
4.   Ермакова Е.С. Информацонная война как атрибут информационного общества: активизация медиафункции насилия над сознанием http://www.vipstd.ru/nauteh/index.php/--gn12-02/403-a (10.02.2012) 
5.   Крысько В.Г. Секреты психологической войны (цели, задачи, методы, формы, опыт). Минск, 1999, -149 c. 
6.  Информационное оружие, как средство ведения информационного противоборства,    http://www.vrazvedka.ru/main/analytical/lekt-03.shtml (15.09.2007) 
7.  Почепцов Г.Г. Информационные войны. М., 2000, -576 с.
8.  Цифровая компетентность подростков и родителей. Результаты всероссийского исследования/ Г.У.Солдатова, Т.А.Нестик, Е.И.Рассказова, Е.Ю.Зотова/. М., Фонд Развития Интернет, 2013, -144 с.
9.  Федякина А. Лицензия на виртуальное убийство,     http://www.rg.ru (4.08.2014) 
10.  Философия: учеб. пособие для высших учебных заведений /отв. ред. В.П.Кохановский/. Ростов н/Д: Феникс, 2010, - 568 с.

 


Shohret Eyvazov
Information security in the transforming society

The article analyzes the problems of information security in the transforming society based on the comparative analysis of different approaches to theproblem. In such asociety, the role of mass media in shapingthe values and views of the populationisconsiderablyincreased. One of the most important phenomena has become aprofound impact of social networks on the work of mass media.
At the example of Azerbaijan, the relevance of security systemsin the contextof globalization becomes obvious. At the time ofthe ongoing information warfare where the use of modern information and communication technologies is often practised, the provision of security acquires a new meaning. The author puts forward his own theses in this regard.

 

 

Шохрет Эйвазов
Проблемы информационной безопасности в 
трансформирующемся обществе

В статье анализируются проблемы информационной безопасности в трансформирующемся обществе. Проводится сравнительный анализ разных подходов к проблеме. В трансформирующемся обществе роль СМИ в формировании ценностей и воззрений значительно возрастает. Один из актуальных вопросов – это большое влияние социальных сетей на средства массовой информации. 
На примере Азербайджана демонстрируется актуальность создания системы безопасности в условиях глобализации. В период активных информационных войн, где используются современные информационно-коммуникационные технологии, обеспечение безопасности общества приобретает новое содержание. В этом новом контексте автор и выдвигает свои тезисы.

© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.