Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Erməni iddialarının siyasi və mifoloji mahiyyəti

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 1100

Avq 25, 2016 - 6:28

Erməni iddialarının siyasi və mifoloji mahiyyəti

Emin ŞIXƏLİYEV 

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent 

emin.amea@yahoo.com

 

Açar sözlər: erməni iddialarının siyasi və mifoloji mahiyyəti, Nuh peyğəmbər, Haylar, 1915-ci il hadisələri, köçürmə

Key words: Political and mythologıcal essence of Armenian claims, the prophet Noah, Hay, events of 1915 years, resettlement

Ключевые слова: политическая и мифологическая сущность претензий армян, Пророк Ной, Хаи, события 1915 года, переселение 

 

Giriş

Reallıqları təhrif etmək və tarixi həqiqətləri gizlətmək ermənilərin öz məqsədləri yolunda geniş istifadə etdikləri əsas amillərdəndir. Ermənistanın istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı ərazi iddialarının səbəblərini anlamaq üçün bu iddiaların siyasi və mifoloji mahiyyətini təhlil etmək lazım gəlir. Ermənilər dünya ictimaiyyətinə ən qədim etnos olduqlarını, Şərqi Anadolu və Qafqazın Hz. Nuh tərəfindən onlara vəd edildiyini isbat etməyə çalışırlar. Guya “Böyük Ermənistan” dünyanın ilk qədim dövlətlərindən biri olaraq Aralıq dənizi də daxil olmaqla Qara dənizdən Xəzər dənizinə qədər böyük bir ərazini əhatə etmişdir.  Bu, “Böyük Ermənistan” ideologiyasının gerçəkləşməsi üçün qonşu ölkələrin torpaqları üzərində yoxdan var edilən uydurma ərazi iddialarıdır. Erməni iddialarına görə, Türkiyənin şərq bölgələri, yəni Şərqi Anadolu “Böyük Ermənistan”ın ayrılmaz hissəsidir və Qərbi Ermənistan adlandırılır, Azərbaycan isə Şərqi Ermənistana aid edilir [28, s. 47-48, 67; 29, s. 40]. 
“Böyük Ermənistan” məsələsi bir çox konfrans və simpoziumların, kitab və məqalələrin mövzusu olmuşdur, amma bu ideologiyanın mifoloji əsasları çox az tədqiq edilmişdir. Bu baxımdan erməni iddialarının mifoloji mahiyyətini açıb ortaya çıxarmaq mövzumuzun ana xəttini təşkil edir.

1. "Vəd olunmuş torpaqlar" məsələsi və Nuh peyğəmbərlə 
bağlı iddialar

"Vəd olunmuş torpaqlar" məsələsi erməni iddialarının əsasını təşkil edir.  Həmin iddiaya görə, Dünya tufanından sonra gəmi Ağrı dağında lövbər salmış və Hz. Nuh bir müddət keçdikdən sonra Şərqi Anadolunu və bütün Qafqazı nəvəsinin nəvəsi olan, eyni zamanda ermənilərin əcdadı sayılan Hay və ya Hayka vəd etmişdir. Hay/Hayk 400 il yaşamış və öz ölkəsini Babilistana qədər genişləndirmişdir [bu barədə bax: 11, s. 12; 12, s.12-16; 25, s.100-101]. Halbuki məsələyə fərqli aspektdən yanaşan erməni alimi Keğam Kerovpyan yazır ki, Hay və xələfləri tarixi simalar deyil, erməni xalqı ilə  qaynayıb-qarışan müxtəlif millətlərin adlandırmalarıdır [15, s.86]. Belə bir vəziyyətdə Hayk əfsanəvi şəxsiyyət olduğuna görə onun Nuhdan törəməsi də uydurmadır.  
Qatı millətçi fikirləri ilə tanınan erməni ideoloqu Zori Balayan da “Oçaq” adlı kitabında Nuh peyğəmbərin erməni olduğunu və bu dildə danışdığını iddia edir [26, s.30]. Erməni iddialarına görə, Ağrı dağına çıxaraq həyatda qalmağa müvəffəq olan qövm ermənilərin atalarıdır. Bu baxımdan Ağrı dağı ermənilər üçün müqəddəslik simvoludur. Bu müqəddəslik guya Nuh peyğəmbərin erməni mənşəli olması ilə əlaqədardır. Ermənilər bu inancla özlərini “seçilmiş millət” olaraq görürlər [18, s.57]. Həm də elə bir millət ki, Tanrı onları Nuh tufanı ilə sınağa çəkmiş, ermənilər də bu sınaqdan uğurla çıxmışlar [17, s. 41]. Nuh tufanı kimi çətin imtahan və hətta həyatda qalmaq üçün bütün çətinliklərin öhdəsindən gələ bilmə qabiliyyətlərinə və dözümlü olduqlarına olan inamları erməni kimliyinin bir parçası halına gəlmişdir. Bu baxımdan ermənilər gəminin Ağrı dağında oturması səbəbindən vətənlərinin Şərqi Anadolu olduğunu iddia edirlər. Məhz bu baxımdan erməni iddiaları “ermənilərin seçilmiş millət, Nuh peyğəmbərin erməni mənşəli olması və onun nəvəsinin nəvəsi Haya vəd edilən torpaqlar” iddiaları üzərində yaranıb möhkəmlənmişdir. Məlum məsələdir ki, belə iddialar elmi baxımdan heç bir həqiqəti özündə əks etdirmir. Bütün bunlar mifoloji təxəyyülə əsaslanır. Məsələyə dini aspektdən yanaşsaq, Adəm peyğəmbər bəşəriyyətin ilk atası sayıldığı kimi, Nuh peyğəmbər də Dünya tufanı səbəbindən bəşəriyyətin ikinci atası sayılır. Belə bir vəziyyətdə hər hansı milli mənsubiyyətdən söhbət gedə bilməz. Yox, əgər Hz. Nuh ermənilərin də iddia etdiyi kimi ermənidirsə, o zaman ağla gələn ilk fikir budur: bəşəriyyət ermənilərdən törəmiş və bütün dillər erməni dili əsasında formalaşaraq sonradan deformasiyaya məruz qalmışdır. Necə deyərlər, bax, budur müəmma! 
Hətta məşhur gürcü alimi İlya Çavçavadze 1902-ci ildə çapdan çıxan “Армянские ученые и вопиющие камни” (“Erməni alimləri və daşların fəryadı”) adlı əsərində ermənilərin daha da irəli gedərək Adəm peyğəmbəri də ermənistanlı kimi qələmə vermələri kimi avantürist ideyalarını bəzi xarici müxbirlər və mətbuat vasitəsilə bütün dünyaya yaymağa çalışdıqlarını göstərmişdir [27, s. 43].
Nuh peyğəmbər və Dünya tufanı məsələsi uzun illərdir ki, tədqiqatçıların diqqət mərkəzindədir. Onu da qeyd etmək lazımdır ki, bu məsələ tədqiqatçılar arasında fikir ayrılığına səbəb olmuşdur. Məsələyə sadəcə bir əfsanə, rəvayət olaraq yanaşanlar da mövcuddur. Təbii ki, elmdə belə hallara rast gəlmək mümkündür. Bizim istinad edə biləcəyimiz mənbələr Qurani-Kərim və digər dini kitablardır. Amma bununla birlikdə bu məsələ dünyanın ayrı-ayrı xalqları arasındakı rəvayət və dastanlarda – Şumer, Assuri, Babil mənbələrində, Hindistanda “Satapatha”, “Brahmana” və “Mahabharata” dastanlarında, Böyük Britaniya, Skandinaviya, Avstraliya, Çin və s. ölkələrin əfsanələrində də öz əksini tapmışdır. Qeyd edək ki, müqəddəs kitablarda verilən məlumatlar bir-biri ilə üst-üstə düşmür. Məsələn, Bibliyada gəminin dayandığı yerin Ağrı dağı (Bibliyada Ararat olaraq keçir – E.Ş.) olduğu bəyan edilmişdir (Bibliya, Varlıq 8/4). Qurani-Kərimdə isə gəminin Dünya tufanından sonra Cudidə dayandığı qeyd olunur (Qurani-Kərim, Hud surəsi, ayə: 44).
Bir şeyə diqqət yetirmək lazımdır ki, bəzi tədqiqatçılar gəminin dayandığı yerin Cudi dağı olduğunu qeyd etsələr də, Qurani-Kərimdə “Cudi” dağ olaraq deyil, yüksəklik mənasında işlədilmişdir. Çünki bu ayədə gəminin Cudi dağına deyil, Cudiyə oturduğu göstərilir. “Cudi” sözü ərəb dilində “yüksəklik” mənasında işlədilir. 
Qərb dünyasında gəminin harada dayanması ilə bağlı məsələlər Bibliyadan qaynaqlandığından, tədqiqatçılar daha çox ona istinad edirlər. Ağrı dağına ekspedisiyalar təşkil etməklə gəminin dayandığı yeri müəyyən etməyə çalışsalar da, heç bir nəticə əldə edilməmişdir. 
Burada “Ağrı dağı” barəsində müəyyən məsələlərə aydınlıq gətirməyi son dərəcə vacib hesab edirik. Bu dağın adı Bibliyada “Ararat” olaraq keçir. Çox zaman bu sözün erməni mənşəli olduğunu düşünərək ona kəskin reaksiya veririk. Halbuki “Ararat” kəlməsinin ermənilərlə və erməni dili ilə heç bir əlaqəsi yoxdur. Biz nədənsə bilərəkdən və ya bilməyərəkdən bəzi sözləri erməniləşdiririk ki, bu da ermənilər üçün əlverişli məqamların və yeni fürsətlərin meydana gəlməsinə imkan yaradır və onların saxta tarixçilik metodologiyasını daha da qüvvətləndirir. Əgər “Ararat” həqiqətən də erməni dilində olan bir kəlmədirsə, onda nəyə görə ermənilər “Ağrı dağı”nı “Ararat” deyil, “Masis” adlandırırlar? Məsələ burasındadır ki, “Ararat” kimi oxunan “RRT” əslində Urartu adının sami dilindəki yazılışıdır. Məlum olduğu kimi, Urartu tayfaları hay ola bilməzdilər, çünki onlar Asiya mənşəli xalq idi. Haylar isə Hind-Avropa dilli xalqdır [bu barədə bax: 1, s.37; 5, s.276; 8, s.11-12]. Digər tərəfdən, yuxarıda da qeyd edildiyi kimi, bu dağ Bibliyada “Ararat” şəklində yazılmışdır, halbuki Bibliyanın ortaya çıxdığı dövrlərdə erməni millətindən və dilindən söhbət gedə bilməzdi. 
Ermənilərin özlərini Nuh peyğəmbərə bağlamalarından bəhs edərkən bir məsələyə xüsusilə diqqət yetirilməlidir. İddia edilir ki, ermənilər tarix boyu əzaba məruz qalmışlar. Bunun da səbəbini özlərinin guya “Tanrının seçilmiş bəndələri” olmasında görürlər. Guya Tanrı erməniləri sevdiyi üçün iki dəfə, yəni həm Dünya tufanı, həm də 1915-ci il hadisələri ilə sınağa çəkmiş, onlar da bu imtahandan uğurla çıxmışlar. Yəni ermənilər “seçilmiş bəndələr” olduğuna, eyni zamanda imtahan edilmək istənildiyinə görə Tanrı tərəfindən fəlakət sınağına çəkilmişlər. Qurani-Kərimdə buyurulur: “...Deyildi ki, ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan törənəcək ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə gəmidən en. Gələcəkdə sizin nəsildən küfr edəcək bəzi ümmətlər də olacaq ki, bir müddət onlara dolanışıq verəcək, sonra isə onları şiddətli bir əzaba düçar edəcəyik...” (Qurani-Kərim, Hud surəsi, ayə: 48).
Belə çıxır ki, Qurani-Kərimdə buyurulan “küfr edəcək bəzi ümmətlərdən biri və əzaba düçar edilmiş millət”in özləri olduğunu ermənilər də qəbul edirlər. Qurani-Kərimə bir daha müraciət edək: “...xristianlar "biz Allahın.... sevimliləriyik" dedilər. De ki: Bəs o zaman nə üçün Allah günahlarınızdan dolayı sizə əzab edir?” (Qurani-Kərim, Maidə surəsi, ayə:18).
Göründüyü kimi, hər şey bariz şəkildə ortadadır. Belə bir vəziyyətdə erməniləri Tanrının “seçilmiş bəndələri” olaraq deyil, “günahkar bəndələri” kimi xarakterizə etmək daha düzgün olardı. 

2.  “Dünyanın ilk xristian etnosu” əfsanəsi

Bu məsələ ilə bağlı “Strateji təhlil” jurnalının 2014-cü il tarixli 7-8-ci sayında məqaləmiz dərc  edildiyindən təkrar üzərində durmaq niyyətində deyilik [3, s.65-81]. Lakin onu qeyd etməyi vacib bilirik ki, ermənilər arasında dərin kök salan ənənəvi psixologiyaya görə, dünyanın bütün xristian ölkələrinin ermənilərin haqq səsinə cavab və Hai-Tahd ideologiyasına hərtərəfli dəstək vermələri zəruridir. Hər şeydən əvvəl ona görə ki, ermənilər xristianlığı ilk qəbul edən millət, eyni zamanda xristianlığın “ilk şəhid milləti”dir. Erməni kilsəsinin iddiasına görə, Hz. İsa Eçmiədzinə (ermənilər Eçmiədzinin mənasını Tanrının yeganə oğlunun yer üzünə endiyi məkan kimi izah edirlər – E.Ş.) enərək erməni kilsəsini inşa etmiş, onu digər kilsələrdən fərqli olaraq daha müstəqil və ehtişamlı bir mövqeyə gətirmişdir [13, s.19]. Erməni iddialarına görə, bunun səbəbi erməni millətinin Tanrı tərəfindən seçilmiş olmasıdır. Buna görə də Tanrı seçilmiş olduqları səbəbindən kilsəni məhz onların torpaqlarında timişdir. Vatikan isə bu nəzəriyyəni rədd edərək, kilsənin ilk dəfə Romada inşa edildiyini və bu işin icrasının Hz. İsa tərəfindən müqəddəs Saint (Müqəddəs) Pierreyə tapşırıldığını irəli sürür. Katoliklərə görə, İsanın vəkili məhz bu şəxsdir [25, s. 126]. Ermənilər 301-ci il tarixini ilk xristian dövlətinin qurulduğu il olaraq qəbul edirlər. Bu tarixin ilk xristian dövlətinin qurulduğu il kimi göstərmələrinin və eyni zamanda “dünyanın ilk xristian dövləti və milləti” şəklində önə sürdükləri iddiaların səbəbi tamamilə dini, siyasi mahiyyətdədir və qonşu ölkələr üzərində dini və mədəni üstünlüklər əldə etmək üçün aparılan təbliğatdır. Buradan belə bir sual doğur: əgər ermənilər həqiqətən də Yer üzünün ilk xristian millətidirsə, nəyə görə sülhə tərəf ilk addım atmaqla öz inanclarını sübut etmirlər? Məgər Hz. İsa kini, nifrəti, terrorizmi təlqin edirdi? Əlbəttə, intiqam hərəkətləri İsa peyğəmbər tərəfindən heç vaxt öyrədilməmiş və qəbul edilməmişdir. Əgər ermənilər həqiqətən də xristianlıq dininə bağlı millətdirsə, nəyə görə digər xristian inanclıların Ermənistana gəlib Hz. İsaya olan məhəbbətini bölüşmələrinə icazə verilmir? Qeyd edək ki, kilsə hər hansı bir erməninin digər xristian məbədlərində ibadət etməsini qadağan edir. Bu barədə “Ermənistan – terrorçu “xristian” ölkənin gizlinləri” adlı kitabında müəllif Səmyuel Uimz yazır: “...Erməni kilsəsi digər xristian məbədlərində ibadət edən hər bir ermənini kilsədən uzaqlaşmış hesab edir. Erməni kilsəsi rəsmi kilsədən başqa digər kilsələrdə ibadət edən erməniləri cəhənnəm odu ilə lənətləyir...” [4, s. 66]. 
Hz. İsanın prinsiplərindən uzaqlaşan və özünəməxsus bir yol cızaraq millətçi partiyalara və terror təşkilatlarına öncüllük edən erməni kilsəsi haqqında arxiyepiskop Qevond Turyan yazırdı: “...Dini icmalar uzun zamanlardan bəri erməni partiyalarının inqilab ocaqları olmuş, ən şeytani proqramlar burada hazırlanmışdır. Dini mərkəzlər silah anbarlarına və inqilab komitələrinin qərargahlarına çevrilmişdir. Dini liderlər söz və yazı ilə xalqı üsyana təşviq edirlər. Artıq moizələrdə ibrətamiz sözlər və İncilin doktrinası zikr edilmir. Sədaqət və doğruluq əvəzinə yalançılıq, humanizm əvəzinə kin və intiqam, əxlaq əvəzinə isə alçaqlıq və şərəfsizlik təlqin edilir... Dini liderlər komitələr tərəfindən təşkil edilmiş bayramlara, yığıncaqlara və mərasimlərə öndərlik edirlər...” [13, s.75]. 
Onu da qeyd edək ki, bu sözlərin müəllifi olan Qevond Turyan erməni millətçiləri tərəfindən təhdid edilmiş və o, 1922-ci ildə ABŞ-a köçmək məcburiyyətində qalmışdı. Nəhayət, 1933-cü il dekabrın 24-də dini ayini keçirmək üçün Nyu-Yorkdakı erməni kilsəsinə gəldiyi zaman o, daşnak terroristləri tərəfindən guya Hai-Tahd ideologiyasına, yəni ermənilərin milli davasına xəyanət etdiyi üçün qətlə yetirilmişdir [30, s.74-75]. 
Ümumiyyətlə, erməni kilsəsi siyasi və ictimai müzakirələrin mərkəzi olmuşdur. Millətin problemləri həmişə kilsəni dərindən düşündürmüşdür. “Böyük Ermənistan” dövlətini yarada bilmək üçün dünya ölkələrini hörümçək toru kimi saran kilsə erməni partiyalarını və terror təşkilatlarını ətrafına yığmış, müntəzəm bir şəkildə onları dəstəkləmişdir. “Xristianlığın ilk şəhid milləti” iddiası isə tamamilə dini təbliğat xarakteri daşıyır. İddiaya görə, dünyanın ilk xristian milləti olan ermənilər 1915-ci ildə müsəlman türklər tərəfindən şəhid edilərək soyqırımına uğramışlar. Əsl məqsəd dünyanın xristian dövlətlərindən dəstək almaq və bunun sayəsində “Böyük Ermənistan” düşüncəsini reallaşdırmaqdır. Onlar bununla ortaya çıxan dindaşlıq cəhdlərini siyasi müstəviyə oturtmaqda, özlərini dünyada və Qafqazda xristianlığı mənimsəyən ilk millət kimi tanıtdırmaq və xristianlığın Qafqazdakı qalası kimi göstərmək, eyni zamanda bu dinin yayılması zamanı təzyiqlərə sinə gərən “şəhid millət” imici formalaşdırmaqla qonşu ölkələr üzərində dini, siyasi təzyiq qurmaq, digər tərəfdən də sivilizasiyalar arasında meydana gələn qarşıdurmalardan məharətlə istifadə etmək istəyirlər. 

3. 1915-ci il hadisələri: “ermənilərin soyqırımı” iddialarının pərdə arxası və mifoloji əsasları

1915-ci il hadisələri ermənilərin milli düşüncəsində “böyük fəlakət" ("meds yeghern”) [22, s.3], Qərb dünyasında isə “tarixdə soyqırımına məruz qalmış ilk xristian millət” [ətraflı məlumat üçün bax: 2, s.97-106; 3, s.65-81] olaraq xarakterizə olunur. Ermənilər hər il aprel ayının 24-də soyqırımı iddialarını bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirirlər. Halbuki iddia edilən bu hadisə soyqırımı deyil, Osmanlı dövlətinin öz təhlükəsizliyi naminə erməni üsyanlarının və türklərə qarşı törədilən qırğınların qarşısını almaq üçün hazırladığı müdafiə tədbiri idi. Belə ki, 1915-ci il aprelin 24-də erməni komitələri və partiyalarının fəaliyyətinə son verilmiş, İstanbulda 2345 nəfər erməni terroristi həbs edilmişdir [12, s.213; 20, s.40; 21, s.146]. Yəni burada heç bir ölüm və cinayət hadisələrindən söhbət gedə bilməz. Ermənilər komitə üzvlərinin həbs edildiyi 24 aprel tarixini soyqırımı günü elan etmişlər. Əgər söhbət osmanlılar tərəfindən ermənilərin təhcirindən gedirsə, onların yerlərinin dəyişdirilməsinə qərar verilən “Təhcir” (Köç) Qanunu 27 may 1915-ci il tarixində qəbul edilmişdir [13, s.61; 21, s.259; 24, s.131]. Yəni “24 aprel” ermənilərin iddia etdikləri kimi soyqırımına səbəb olan köçürülmə tarixi deyil, Daşnaksütyun, Hınçak, Ramqavar kimi terror təşkilatlarının üzvlərinin həbs olunduğu tarixdir. Həbs olunan ermənilərin sıravi vətəndaş olmayıb, komitə və terror təşkilatlarının üzvləri olduqları ingilis kəşfiyyat orqanları tərəfindən də təsdiq edilmişdir. Misirdəki ingilis hərbi idarəsinə göndərilən məlumatda göstərilir: 24 aprel 1915-ci il tarixində 3 erməni ruhanisi, erməni qəzeti “Puzantion”un sahibi də aralarında olmaqla çox sayda erməni ələ keçirilmişdir. Onlar tezliklə Ankaraya göndəriləcəklər. Həbs olunanların 500-ü Daşnaksütyun, 500-ü Hınçak, digərləri isə Ramqavar təşkilatının üzvləridir [10, s. 62].
Qeyd edilməsi vacib olan məsələlərdən biri  də budur ki, təhcir (köçürülmə) və buna bağlı olaraq “erməni soyqırımı” adı ilə önə sürülən hadisələrin əsl kökü Osmanlı dövlətinin hər bir müstəqil dövlət kimi müharibə dövründə qanuni müdafiə hüquqlarını qorumaq istəməsindən qaynaqlanmışdır. Bu da bir həqiqətdir ki, 1915-ci ildə qəbul edilən “Təhcir” qanunu sadəcə ermənilərə deyil, Osmanlı dövlətinə qarşı üsyan və düşmənlərlə əməkdaşlıq edənlərə qarşı tətbiq edilmişdir. Qanunun mətnini nəzərdən keçirəndə “erməni” kəlməsinə rast gəlinmir [7, s.124; 21, s.149; 25, s.605].
Burada “soyqırımı” ifadəsinə həm leksikoqrafik, həm də beynəlxalq hüquq qaydaları baxımından açıqlıq gətirməyi son dərəcə vacib hesab edirik. Etnik, milli və dini səbəblər üzündən silahsız və müdafiəsiz insanların kökündən məhv edilməsi soyqırımıdır [23, s.630-631]. Həqiqətən də, Osmanlı vətəndaşı olan silahsız və müdafiəsiz erməni xalqı türklər tərəfindən milli və dini səbəblər üzündən soyqırımına məruz qaldılarmı? 
Tarix boyunca etnik azlıqlarla münasibətlərini müasir dövlətlərdən belə üstün bir səviyyədə quran Osmanlı dövlətinin XX əsrdə belə bir cinayətə əl atacağını düşünmək son dərəcə yanlışdır. Hər şeydən əvvəl ona görə ki, əgər milli baxımdan sırf ermənilər hədəf alınsaydı, Osmanlı dövründə onlardan paşa, nazir, millət vəkilləri çıxa bilərdimi? 
Tarixi materiallarda vaxtilə milləti-sadıka (sadiq millət) olaraq xarakterizə edilən ermənilərdən 29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 11 universitet müəllimi, 41 yüksək rütbəli məmur olduğu göstərilir [ətraflı məlumat üçün bax: 7, s. 121; 16, s. 137-152; 21, s. 9; 38]. Hətta Osmanlı dövlətində ermənilərə “əhli-kitab” statusu ilə dini tolerantlıq da göstərilmiş və çox sayda erməni kilsəsinin açılmasına icazə verilmişdir [9, s. 156-158].
Belə bir vəziyyətdə Osmanlı dövlətinin ermənilərə soyqırımı tətbiq etdiyi şəklində önə sürülən iddiaların əsassız olduğu ortaya çıxır. Erməni iddialarının əksinə soyqırımına məruz qalan onlar deyil, türklər olmuşdular. Türkiyənin Hərbi Tarix və Strateji Etüd Dairəsi Nazirliyinin Arxivinin (Askeri Tarih ve Stratejik Etüt Dairesi Başkanlığı Arşivi – ATASE) sənədlərində qeyd olunan məlumatlara görə, erməni kilsəsi və təşkilatlarının da bilavasitə dəstəyi ilə türklərə qarşı soyqırımı gerçəkləşdirilmişdir [33, s.1; 34, s.33; 35, s. 83; 36, s.159]. 
Yenə eyni sənədlərə görə, türklərə qarşı genişmiqyaslı cinayətlər törədən "Hınçaq", "Daşnaksütyun" və digər təşkilatlar Osmanlı Məclisindəki millət vəkilləri tərəfindən dəstəklənmişdi [34, s. 41].
Ermənilərin təşkilatlanaraq silahlı dəstələr yaratdıqları sənədlərlə sübut edildiyinə görə, cərəyan edən hadisələrə birmənalı olaraq “soyqırımı” demək yerinə, ermənilərdən qaynaqlanan və onların başlatdığı üsyan və bu üsyana qarşı Osmanlı dövlətinin öz qanuni səlahiyyətlərindən istifadə edərək həyata keçirdiyi tədbirlər kimi ifadə etmək daha doğrudur. 
"Təhcir" qanunu çərçivəsində ermənilərin maddi baxımdan zərər görməmələri və geridə qalan mallarının tam dəyəri hesablanaraq sahiblərinə verilmələrinə dair dövlət tərəfindən həyata keçirilən tədbirlər soyqırımı iddialarını tarixi faktlarla rədd edən dəlillərdir [bu barədə bax: 37, s.129]. Təhcir məsələsini soyqırımı olaraq dünya dövlətlərinin müzakirəsinə çıxaran ermənilər köç vaxtı ölən insanların sayını da mübaliğəli şəkildə artırırlar. Onlar bu rəqəmi 1,5 milyon olaraq göstərirlər. Halbuki o tarixlərdə Osmanlı imperiyasının sərhədləri daxilində bu qədər erməni yaşamırdı. Amerikalı tarixçi professor Stanford Şav həm Osmanlı, həm Qərb mənbələrinə istinad edərək, 1890-cı ildə Osmanlı dövlətində 12.585.950 müsəlmana qarşılıq 1.139.053 erməninin, 1897-ci ildə 14.111.945 müsəlmana qarşılıq 1.162.853 erməninin, 1906-cı ildə 15.518.478 müsəlmana qarşılıq 1.140.563 erməninin və 1914-cü ildə isə 15.044.846 müsəlmana qarşılıq 1.229.007 erməninin yaşadığı haqqında çox maraqlı məlumatlar ortaya qoyur [31, s. 330]. 
Göründüyü kimi, XIX əsrin sonu - XX əsrin əvvəllərində Osmanlı dövlətinin sərhədləri daxilində yaşayan ermənilərin sayı 1 milyon ilə təxminən 1,3 milyon arasında dəyişir. Digər tərəfdən tarixi mənbələrdə “Təhcir” qanununa əsasən, 700 min erməninin köçürülməsi ilə bağlı məlumatlar göstərilir [32, s.300]. Görkəmli türk tarixçisi Kamuran Gürün qeyd edir ki, ermənilər tərəfindən göstərilən ölü sayı 1915-ci ildə 300 mindən başlamış 1980-ci illərdə 2 milyona çatmışdır. İllər keçdikcə bir millətin əhalisinin artması normal bir hadisədir, lakin müəyyən bir tarixdə ölmüş insanların zaman keçdikcə sayının artması isə çox qəribə bir icaddır [12, s. 223]. 
Müqayisəli təhlillər əsasında ortaya çıxan məqam budur ki, 1,5 milyon erməninin soyqırımına uğradığı şəklində ortaya atılan iddialar heç bir reallığı əks etdirmir. Tərəfsiz olaraq məsələyə yanaşılarsa, ortada soyqırımı kimi bir hadisənin baş vermədiyi açıq şəkildə görünə bilər. Əgər bu qədər insan kütləvi qırğına məruz qalıbsa, o zaman Birinci Dünya müharibəsinin sonunda sayı 1 milyonu keçən erməni əhalisi necə sağ qalmışdır? Eyni zamanda 1915-ci ildən sonra Fransa, ABŞ, İngiltərə, Rusiya, İran, Suriya və s. ölkələrə gedən ermənilərin saylarının o ölkələrin əhalisinin qeydiyyata alınması ilə bağlı statistik materiallar əsasında öyrənilməsi və hal-hazırda bu ölkələrdə yaşayan ermənilərin sayının təsbit edilməsi iddia edilən soyqırımının törədilib-törədilmədiyini ortaya qoyur. 
Burada diqqəti çəkən başqa bir məqam da var. Əgər iddia edildiyi kimi, 1,5 milyon erməni öldürülübsə, bəs onlar harada dəfn olunublar? Kütləvi məzarlıq haradadır? Soyqırımı kimi ağır ittihamlarla çıxış edən ermənilər sübut üçün kütləvi məzarlığı göstərmək məcburiyyətindədirlər. 
Köç əsnasında ermənilərin müxtəlif xəstəliklərdən ölməsi mümkündür. Bu inkaredilməz həqiqətdir, lakin bu hadisələri soyqırımı adlandırmaq mümkündürmü? Digər tərəfdən, Osmanlı dövlətinə qarşı üsyan və düşmənlərlə əməkdaşlıq edən ermənilərin fəaliyyətlərinə qarşı hökumət hansı addımları atmalıydı? Bu dövlətin sərhədləri daxilində yaşamasına baxmayaraq, xəyanət edənlərə qarşı Osmanlının həm hüquqi baxımdan, həm də təhlükəsizliyi qorumaq düşüncəsi ilə belə bir yola baş vurması qanun çərçivəsində deyildirmi? 
Hadisələri sırf obyektivlik prizmasından dəyərləndirək: hər iki tərəfdən də ölənlər və öldürülənlər olmuş, hər iki tərəf də ağır nəticələrlə qarşılaşmışdır. Amma bu soyqırımı deyil, müharibə idi. Eyni zamanda məsələnin dərinliyinə endikcə, köçürülmə hadisəsinə rəvac verən amilin Osmanlı dövləti ilə deyil, bilavasitə erməni komitələri və təşkilatları ilə bağlı olduğu  açıq şəkildə görünə bilər. Əgər onların başlatdıqları üsyanlar və Osmanlı dövlətinin parçalanmasına yönəlik xarici qüvvələrlə əməkdaşlıq fəaliyyətləri olmasaydı, heç şübhəsiz ki, təhcir (köç) hadisəsinə ehtiyac qalmayacaqdı.  
Ermənilərin düşmənlərlə əməkdaşlıq çərçivəsində üsyan və qırğın hərəkətlərinin artması səbəbindən Osmanlı dövlətinin tədbirlər görməsi və bu tədbirlərin tətbiq olunması əsnasında müxtəlif səbəblərdən dolayı meydana gələn itkilər ermənilər tərəfindən dünya dövlətlərinin diqqətini cəlb etmək üçün təbliğat silahı olaraq istifadə edildi. Bugünkü siyasət də eyni istiqamətdə aparılmaqdadır. Əsas məqsəd 1915-ci il hadisələrini soyqırımı cinayətləri kimi Türkiyəyə qəbul etdirmək, sonra isə təzminat ala bilməkdir. 1915-ci il hadisələrində ölmüş ermənilərin sayını artırmaq da məhz təzminatın miqdarına yönəldilmişdir.
Soyqırımı iddialarının mifoloji əsaslarına gəlincə, guya seçilmiş millət olmaları səbəbindən Tanrı onları Nuh tufanı ilə sınağa çəkmiş, ermənilər də bu sınaqdan uğurla çıxaraq nə qədər dözümlü və əzmli bir xalq olduqlarını ortaya qoymuşlar. İddiaya görə, birinci imtahandan müvəffəqiyyətlə çıxan erməniləri Tanrı ikinci dəfə də imtahana çəkib ki, bu imtahan da əfsanələşdirilən “erməni soyqırımı”dır. Guya ermənilər kütləvi surətdə məhv edilmək istənilmiş, amma bütün bunlara baxmayaraq öz iradəsi, dözümü və əzmi sayəsində millət olaraq tarix səhnəsindən silinməmişlər. Ermənilər arasında yayılan inanca görə, birinci fəlakət tufandırsa, ikinci fəlakət türklərdir. Buna görə də türklər ermənilər tərəfindən insan kimi deyil, simvolik olaraq təbii fəlakətlərin meydana gətirdiyi hadisələrin sinonimidir [17, s. 41]. Erməni kilsəsi tərəfindən şüur altına belə düşüncələr yerləşdirilmişdir ki, guya ermənilər Allahın lütfü ilə necə ki tufanda məhv olmamış və ardından bütün dünyaya yayılaraq ana vətənlərinə qayıtmaq gücünü özlərində tapa bilmişdilərsə, 1915-ci il hadisələrindən sonra da həyatda qalmağı bacarmışlar [19, s.103]. Amerikan tədqiqatçısı Səmyuel A. Uimz bu barədə yazır: “Ermənilər xristian dünyasının içində dönə-dönə nağıllar söyləyərək, özlərinin İisus Xrist yolunda əzabkeş millət olması haqqında xristian dünyasında ictimai fikir yaratmaq istəmişlər. Ermənilər xristian olmayan hər şeyin xristianlığa qarşı ziyan, qorxu və nifrət olması təsəvvürünü formalaşdırırlar. Bu günlər ermənilərin danışdığı ən böyük nağıl isə bundan ibarətdir ki, guya 1915-ci ildə onların 1.5 milyon nəfər ulu babası türklər tərəfindən qətlə yetirilmişdir və bu, XX əsrin ilk genosid nağılıdır...” [4, s. 62].
Daha sonra o yazır: “...Ermənilər iddia edirlər ki, onlar əvvəlcə öldürülmüş və sonra – onlar bu cür yaxşı xristian olduğundan – 1.5 milyon nəfəri İisus kimi zühur etmişdir. Hər şey bir yana, erməni liderləri xəyali genosidi “çarmıxa çəkilmə”, yeni diktator ölkənin yaradılmasını isə İisus kimi “zühur etmək”lə müqayisə edirlər. Bu, saxtakarlıqdır!...” [4, s. 177].
Bu soyqırımı əfsanəsindən bir amil olaraq istifadə edib millətin beynini zəhərləyən erməni kilsəsi terror təşkilatlarını da hər vəchlə dəstəkləmişdir. Erməni kilsəsindən ilham alan "Daşnaksütyun" ideoloqlarına görə, erməni milli maraqlarının həyata keçirilməsi üçün inqilab, silahlı mübarizə, terror, cinayət və qətl hadisələri zəruridir. Qeyd edilməlidir ki, bizim tərəfimizdən qəbul edilən “terror, cinayət və qətl hadisələri” məfhumları ermənilər tərəfindən haqq-ədalət simvolu kimi mənimsənilməkdədir. Erməni terror qrupları törətdikləri aktları qəbul etsələr də, bu cinayətlərini qanuniləşdirməkdədirlər. Hətta erməni millətinin və qurumlarının böyük əksəriyyəti bu cinayətləri qəbul edirlər, lakin bu terror cinayətlərinin səbəblərini qanuni yollardan izah etməyə cəhd göstərərək, özlərinə bəraət qazandırmağa çalışırlar. Halbuki terrordan hər hansı bir şərt daxilində qanuni metod olaraq istifadə edilməsi beynəlxalq qanunlara ziddir. Onlar eyni zamanda din faktorundan da istifadə edərək, xristian dövlətlərin dəstəyini qazanmış və “xristianlığın ilk şəhid milləti” adı altında müsəlman türklərdən intiqam almağı hədəfləmişlər ki, müəyyən mənada da buna nail olmuşlar. Radikal erməni qrupları türklərə qarşı müəyyən etdikləri hədəf və məqsədlərini həyata keçirmək üçün hər vasitədən istifadə etməyi vacib sayırlar. Əcdadları və milləti üçün “ədalət” tələbi ilə fəaliyyət göstərən bu qruplar öz istəklərini guya əxlaqi və mənəvi dəyərlər üzərində qururlar. Erməni milli psixologiyasına görə əgər terrordan daha şiddətli bir metod mövcud olsa, ermənilər “ədalət” naminə ondan da istifadə edəcəklər. Bu vəziyyət ermənilər arasındakı nifrətin və terroru qidalandıran "ana damar"ın nə qədər güclü bir məqama çatdığını ortaya qoymaqdadır. Əgər belə demək mümkündürsə, bu düşüncə və psixologiya ermənilərin etnopsixoloji travma vəziyyətinin bir məhsuludur.
Bu psixologiyanın nəzəri əsasını ermənilərin milli təhlükəsizlikləri üçün başlıca təhdid olaraq qəbul etdikləri “qonşularından (Türkiyə və Azərbaycan) duyulan qorxu” ənənəsi təşkil edir. Bunun səbəbi isə ermənilərin tarix boyunca milli dövlətlərinin olmamasıdır. Yəni bu, bir travma vəziyyətidir. Ümumilikdə travma vəziyyətini özünəməxsus şəkildə dəyərləndirən görkəmli türk alimi Vamik Volkan belə bir izah verir ki, millətlərin kimliyində keçmişdə əldə etdikləri uğurlar və qarşılaşdıqları faciələr böyük rol oynamaqdadır. Bunlar “seçilmiş travmalar və zəfərlər”dir. Bəzi millətlər seçilmiş olduqlarını düşünərək, tarixi həqiqətlərdən uzaqlaşmaqda və müəyyən mənada mifologiyaya söykənməkdədirlər. Mifoloji təsəvvürlər sıx-sıx yad edilməkdə və nəsildən nəslə ötürülməkdədir [39]. Düzdür, ermənilərin tarixi keçmişlərində əldə etdikləri uğurlar olmasa da, onlar öz milli kimliklərini qoruyub saxlamaq üçün mifologiyalara söykənməkdə və özlərini buna inandırmaqdadırlar. Bu baxımdan ermənilər məhz belə bir travma vəziyyətindədirlər. Onlar özlərini “qurban edilən millət” olaraq təsəvvür edirlər. Yəni ermənilər “zavallı və yaxşı”, türklər isə “pis və insanlıqdan uzaq məxluqdurlar”. Dolayısı ilə “qurban edilən ermənilər” türklər tərəfindən travma meydana gətirən hadisələrə insafsızca məruz qaldıqlarına inanmaqdadırlar. Digər bir ifadə ilə desək, erməni kimliyi “yaxşının pis tərəfindən məhv edilməsi” anlayışı üzərində qurulmuşdur. 
Tədqiqatçı Gündüz Aktan qeyd edir ki, erməni kimliyinin tərifinin əksini isbat etmək onların kimliklərini puç edəcəyi üçün tarixi həqiqətlərə dair məlumatlar zehni bir senzuradan keçirilib rədd edilməkdə və ya görməzdən gəlinməkdədir [6]. 
Bu vəziyyət ermənilərin öz mifoloji keçmişlərinə fanatik dərəcədə bağlı olduqlarını göstərməkdədir. Məsələ burasındadır ki, əsrlər boyu ermənilər “itirilmiş torpaqlar” məfhumuna özlərini inandırmış və bunu yeni nəsillərə aşılamışlar. İddia edilən itirilmiş torpaqlar Şərqi Anadolunu və Azərbaycan ərazilərini əhatə edir. Ermənilər tərəfindən törədilən cinayət və qətllərin əsasını məhz bu iddialar təşkil edir. Erməni şüurunda "həqiqət və haqq-ədalət" mənasını daşıyan bu iddialar “Böyük Ermənistan” düşüncəsindən və bu düşüncənin coğrafi sərhədlərindən qaynaqlanır. Ermənistanda gənclərin türk düşmənçiliyi ruhunda yetişdirilib, “Qədim Böyük Ermənistan” kimi saxta tarixi keçmişlərini dərindən öyrənmələri istər keçmişdə, istərsə də bu gün xüsusi diqqət mərkəzindədir. Bir türkü öldürən hər bir erməni qəhrəman hesab edilir. Çox kiçik yaşlarından etibarən onların etnik kimliklərinin türk düşmənçiliyi üzərində qurulduğu danılmaz bir həqiqətdir. Bu düşüncələrlə yetişən ermənilər türkləri tarixi və əbədi düşmən olaraq qəbul etməkdə və dünyanın onların guya haqq səsinə cavab vermələrini tələb etməkdədirlər. Onlara görə də türklər törətdikləri cinayətlərin hesabını verməli, əzəli yurdları olan qədim erməni torpaqlarını geri qaytarmalı və etdikləri “xəta”nı qəbul etməlidirlər. Beləliklə, onlarda haqsızlığa uğramışlıq hissi meydana gəlmişdir. Ermənilər heç bir ölkənin və beynəlxalq qurumların onları başa düşmədiklərini fikirləşirlər. Onlara görə, belə bir vəziyyətdə türklərə həddini bildirmək lazımdır ki, bu da yalnız şiddət, yəni terror vasitəsilə mümkün ola bilər. 1970-1980-ci illərdə erməni terroristlərinin türk diplomatlarına qarşı törətdikləri cinayətlər, bütün erməni terror təşkilatlarının Türkiyəni hədəf göstərmələri, 1905-1907, 1918-1920-ci illərdə, daha sonra Azərbaycan torpaqlarının işğal edilməsi ilə orada yaşayan günahsız insanların amansız şəkildə qətlə yetirilməsi, xüsusilə Xocalı soyqırımı bu deyilənlərə əsaslı sübutdur. Bu vəziyyət erməni millətinin şüuraltına hopmuş bir “xəstəlik”dir. Bu xəstəliyin müalicəsini erməni ideoloq Zori Balayan belə izah edir: “Hətta həkimlər belə bu xəstəliyi müalicə edə bilmirlər. Bu xəstəlik soyqırımına uğramış ermənilərin xəstəliyidir. Bu xəstəliyin müalicəsi üçün türklər soyqırımı törətdiklərini qəbul etməli və erməni xalqından üzr istəməlidirlər. Başqa alternativ yoxdur” [26, s. 289].

Nəticə

Beləliklə, heç bir elmi və hüquqi əsası olmayan erməni iddiaları tamamilə mifoloji düşüncələr üzərində qurulub möhkəmlənmişdir. Ermənilər öz tarixlərini olduğu kimi deyil, real həqiqətlərdən uzaq, görmək istədikləri kimi yazır və bunun təbliğatını aparırlar. Öz tarixlərini daha da qədimləşdirərək dünya mədəniyyətinin, yazının, astrologiyanın məhz onlar tərəfindən icad edilməsi, müqəddəs dini şəxslərə tək başlarına sahiblənmək istəkləri, tarixin ilk xristian millətinin məhz müsəlman türklər tərəfindən soyqırımına məruz qalması və s. məsələlər erməni iddialarının ana xəttidir. Bütün bunlar bir iddia şəklində xarakterizə olunsa da, əslində bu cür mifologiyaya olan inam erməni kimliyinin bir parçasına çevrilmişdir. Ermənilər həmin iddialardan yola çıxaraq Şərqi Anadolu və Azərbaycan torpaqlarına qarşı inzibati-ərazi və mədəniyyət baxımından tələblər irəli sürürlər. Mahiyyətində türk düşmənçiliyi dayanan ermənilərin mifoloji düşüncələrlə yaşamalarının səbəbi onların tarix boyunca milli dövlətlərinin olmamasıdır. Bu psixologiyanın nəzəri əsasını ermənilərin milli təhlükəsizlikləri üçün başlıca təhdid olaraq qəbul etdikləri Azərbaycan və Türkiyədən duyduqları qorxu təşkil edir. Bu, etnopsixoloji travma vəziyyətidir. Belə bir qorxu və travma içərisində yaşayan ermənilər Rusiyanın və Qərb dövlətlərinin siyasi oyunları davam etdikcə “Böyük Ermənistan” ideologiyasını reallaşdırmaq düşüncəsindədirlər. Etnopsixoloji travma vəziyyətində olan ermənilər fanatik dərəcədə bağlı olduqları mifoloji keçmişlərindən əl çəkmədikləri müddətdə onların qonşu dövlətlərlə münasibətləri daim gərgin olacaq və böyük güclərin təzyiq aləti olaraq qalmaqda davam edəcəklər.

 

İstifadə edilmiş ədəbiyyat:

Azərbaycan dilində:
1.    Qeybullayev Q. Qədim türklər və Ermənistan. Bakı: Azərnəşr, 1992, 140 s. 
2.    Şıxəliyev E. Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində. Bakı: Elm və təhsil, 2011
3.    Şıxəliyev E. Ermənilərin din strategiyasının əsas istiqamətləri // “Strateji təhlil” jurnalı, 2014, say 7-8, s. 65-81.
4.    Uimz Səmyuel A. Ermənistan – terrorçu “xristian” ölkənin gizlinləri. Bakı: OKA Ofset Azərbaycan-Türkiyə Nəşriyyat-Poliqrafiya şirkəti, 2004, 386 s.
5.    Yusifov Y. Qədim Şərq tarixi. Bakı: Bakı Universiteti, 1993, 496 s.

Türk dilində:
6.    Aktan Gündüz. Ermeni olayları ve kimlik sorunu. “Radikal” qazetesi, 2000, 04 Ekim.
7.    Aktar A.Yücel. Ermeni mezalimi ve soykırım iddialarına ilişkin kavram karmaşası / Osmanlı’dan günümüze ermeni sorunu, (editör: Hasan Celal Güzel). Ankara: Yeni Türkiye yayınları, 2000, s. 121-128.
8.    Çetinkaya Nihat. Iğdır tarihi (tarih, yer adları ve bazı oymaklar üzerine). İstanbul: Türk Dünyası Araştırmaları Vakfı yayınları, 1996,  402 s.
9.    Ercan Yavuz. Osmanlı Devleti’nde müslüman olmayan topuluklar (millet sistemi) / Osmanlı’dan günümüze ermeni sorunu (editör: Hasan Celal Güzel). Ankara: Yeni Türkiye yayınları, 2000, s. 145-161.
10.    Ermeniler: Sürgün ve göç. (Yayına hazırlayanlar: Hikmet Özdemir vd.). Ankara, 2003
11.    Gazigiray A. Alper. Osmanlı’dan günümüze kadar vesikalarla ermeni terörünün kaynakları. İstanbul: Gözen yayınları, 1982, 672 s.
12.    Gürün Kamuran. Ermeni dosyası. Ankara: Türk Tarih Kurumu, 1985, 215 s.
13.    İlter Erdal. Ermeni kilisesi ve terör. Ankara: Ankara Üniversitesi Osmanlı Tarihi Araştırma və Uygulama Merkezi yayınları, 1996, 176 s.
14.    Kaya İbrahim. Ermenilerin yahudi soykırımıyla benzerlik kurma stratejisi // 2023 Dergisi, 2002, sayı:12, s. 62-65.
15.    Kerovpyan Keğam. Mitolojik ermeni tarihi. İstanbul: Aras yayınları, 2000, 109 s.
16.    Kırmızı Abdülhamit. Son dönem Osmanlı bürokrasisinde akraba ermeniler // Ermeni Araştırmaları dergisi, 2003, cilt: 2, sayı: 8, s. 137-152.
17.    Laçıner Sedat. Türkiye-Avrupa ilişkilerinde kültür ve medeniyet: tarihsel ve ideolojik kökenler // Liberal Düşünce Dergisi‚ 1999, cilt: 4‚ № 13,  s. 39-57.
18.    Laçıner Sedat. Ermeni kimlik bunalımı ve güç politikalarının bir ürünü olarak ermeni sorunu // 2023 Dergisi, 2002, sayı: 12, s. 56-61.
19.    Laçıner Sedat. Ermeni iddiaları ve terör / Ermeni sorunu el kitabı. Ankara: Ankara Üniversitesi basımevi, 2003, s. 95-122.
20.    Metel Ali Balkan. Ermeni mezalimi ve gerçekler. İstanbul: Yeni Batı Trakya Dergisi yayınları, 4. baskı, seri №6, 208 s.
21.    Özkan Zafer. Tarihsel akış içerisinde terörden poltikaya ermeni meselesi. İstanbul: Er Ofset San. ve Tic. AŞ, 2001, 282 s.
22.    Palabıyık Mustafa Serdar. 1915 olaylarını anlamak: Türkler ve ermeniler. İstanbul: Beta yayınları, 2015, 132 s.
23.    Sönmezoğlu Faruk. Uluslararası ilişkiler sözlüğü. İstanbul: DER yayınları, 2000, 774 s.
24.    Süslü Azmi. Ermeniler ve 1915 tehcir olayı. Van: Yüzüncü Yıl Üniversitesi Rektörlüğü, 1990, 244 s.
25.    Uras Esat. Tarihte ermeniler ve ermeni meselesi. İstanbul: Belge yayınları, 1987, 798 s.  

Rus dilində:
26.    Балаян З. Г. Очаг. Ереван: Советакан грох, 1984, 424 c.
27.    Чавчавадзе И. Г. Армянские ученые и вопиющие камни. Баку: Элм, 1990, 128 с.
28.    Мнацаканян А.Ш. О литературе Кавказской Албании. Ереван: издательство “Академия Наук Армянской ССР”, 1969, 220 с.
29.    Улубабян Б.А. Очерки историй Восточного края Армении (V—VII вв.). Ереван: изд-во “Академия Наук Армянской ССР”, 1982.

İngilis dilində:
30.    Lowry Heath W. Nineteenth and twentieth century Armenian terrorism: Theads of continuity‚ international terrorism and the drug connection. Ankara‚ 1984, 156 p.
31.    Shaw Stanford. The Ottoman census system and population (1831-1914). // International Journal of Middle East Studies, 1978, vol. 9, №.3, pp. 325-338.
32.    Sonyel Salahi R., The Ottoman Armenians, victims of great power diplomacy, London: K.Rustem & Brother, 1987, 426 p.

Arxiv materialları və rəsmi sənədlər:
33.    Genelkurmay Askeri Tarih ve Stratejik Etüd (ATASE) Başkanlığı. ATBD: mart 1983, sayı. 83, belge no: 1901
34.    ATASE Başkanlığı. ATBD: mart 1983, sayı. 83, belge no: 1903
35.    ATASE Başkanlığı. ATBD: mart 1983, sayı. 83, belge no: 1906
36.    ATASE Başkanlığı. ATBD: mart 1983, sayı. 83, belge no: 1923
37.    ATASE Başkanlığı, Askeri Tarih Belgeleri Dergisi (ATBD), Ekim 1985, belge № 202

İnternet mənbələri:
38.    Anahit Astoyan. Osmanlı idari sisteminde ermeniler, mühtedi ermeni görevlileri. -  http://akunq.net/tr/?p=14355
39.    Vamık Volkan. Center for Development Research (ZEF Bonn): Facing Ethnic Conflicts, 14-16 December 2000.  -http://www.zef.de/download/ethnic_conflict/volkan.pdf


Emin Shikhaliyev
Political and Mythologıcal Essence of Armenian Claims

The article deals with the problem of the political and mythological nature of land claims of Armenians. The author believes that, Armenian claims are based on mythological stories with forged documents and information. These claims are far from any scientific and historical basis. Some of them include unreasonable claims of such level that they argue even Noah has Armenian origins and for this reason, the lands he set foot had been promised to the great-grandchild Hay as an  ancestor of all Armenians. These claims form the basis of the ideology of the ‘ “Great Armenia”. According to Armenians who think that they are the nation sent from the God, the lands promised by Noah include the Eastern Anatolia of Turkey and Azerbaijani lands. Among Armenians, the Eastern Anatolia is known as West Armenia and Azerbaijani is known as East Armenia. The article also states with the claims of the so-called “Armeian genocide” and its mythological basis.

Эмин Шихалиев
Политическая и мифологическая сущность претензии армян

В статье рассматривается пpоблема политической и мифологической сущности территориальных претензий   армян.
Автор считает что, армянские претензии опираются на поддельные документы и информацию, обоснованную далекими от исторических и научных фактов мифологическими легендами. Претендуя на идею о том, что пророк Ной имел армянские корни и все земли на которые ступала его нога он завещал внуку своего внука Хаю, который в то же время является прородителем всех армян, они выступают с претензиями, которые составляет основу идеологии Большой Армении. Согласно армянам, которые являются избранным Богом этносом, завещаные пророком Ноем земли находятся в области Восточной Анатолии Турции и в Азербайджане. Восточная Анатолия со стороны армян характеризуется как Западная Армения, а Азербайджан как Восточная Армения. В статье так же говорится о претензии так называемого "геноцида армян" и его мифологические основы.


Məqalə redaksiyaya daxil olmuşdur:  11.04.2016
Təkrar işləməyə göndərilmişdir: 21.04.2016
Çapa qəbul edilmişdir: 11.05.2016

© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.